KRİMİNAL XRONİKA

Fevralın 17-də Xətai rayonu ərazisində ...

18.02.2020

Fevralın 17-də Xətai rayonu ərazisində xətt avtobusunda soyğunçuluq yolu ilə 50 manat pulu götürüb qaçmağa cəhd göstərən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırmalarla onun fevralın 6-da digər bir xətt avtobusundan açıq qapıdan girmək yolu ilə  25 manat pul  oğurlaması da müəyyən edilmişdir. Xətai RPİ tərəfindən araşdırma aparılır.
 
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyevə, A.Piriyevə və X.Əsədova məxsus 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Türkan qəsəbəsində qəsəbə sakini E.Yusibova məxsus 1 baş inəyi otlaq sahəsindən oğurlanası da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da paytaxt sakini X.Bərdazinin içərisində 220 manat, 120 ABŞ dolları və 200 dirhəm pul olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Qarayev saxlanılmışdır.