Xəbərlər

Fevralın 6-da Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayları əməkdaşlarının sıra baxışı keçirilib.

07.02.2017

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, Əlahiddə Çevik Polis Alayında keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol patrul xidməti əməkdaşlarının düzüldükləri ayrı-ayrı kalonların önündən keçərək onların zahiri görkəmi, fiziki və peşə hazırlığının vəziyyəti ilə maraqlanıb.

 O, tələb olunan parametrlərə uyğun gəlməyən bəzi əməkdaşların qısa müddətdə fiziki hazırlıqlıqlarını və peşəkarlıqlarını artırmalarını, göstərilən nöqsan və çatışmazlıqları aradan qaldırmalarını tələb edib, irad və tövsiyələrini bildirib. R.Usubov ümumilikdə sıra baxışının nəticələrindən razı qaldığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin parlaq gələcəyinin yüksək biliyə, geniş dünyagörüşünə və işgüzarlığa malik vətənpərvər gənclərlə bağlı olduğunu dəfələrlə vurğuladığını deyib.
 
R.Usubov dövlət gənclər siyasətinə uyğun olaraq, onların bacarığına, peşəkarlığına, dövlətçiliyə sədaqətlərinə görə irəli çəkilmələrinin ölkə və DİN rəhbərliyinin fəaliyyətində ən ümdə istiqamətlərdən biri olduğunu xatırladıb.

Nazir son illər yüzlərlə belə gəncin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında daxili işlər orqanlarında, həmçinin DYP sıralarına xidmətə qəbul olunduqlarını xüsusi vurğulayıb.

Ümumilikdə polis peşəsinin çətin və şərəfli olduğunu diqqətə çatdıran daxili işlər naziri xüsusən əhali ilə ən çox təmasda olan yol patrul xidməti əməkdaşlarının insanlara həssas münasibətinin, diqqət və qayğısının həmişə minnətdarlıqla qarşılandığını, belə nümunəvi rəftarın polisin nüfuzunu daha da yüksəltdiyini vurğulayıb.

 R.Usubov əməkdaşlar tərəfindən hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməsinin, törədilmiş inzibati xətanın yarada biləcəyi mənfi nəticələrin sürücülərə izah olunmasının zəruriliyini bildirib.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın qanunla müəyyənləşdirilən vəzifələrini bundan sonra da layiqincə yerinə yetirməli, xalqa, Vətənə ləyaqətlə xidmət etməli olduğunu vurğulayıb.