Xəbərlər

Tbilisidə qadın polislərin illik konfransı keçirilir

07.03.2017

Fevralın 7-də Tbilisidə qadın polislərin VI illik beynəlxalq konfransı işə başlayıb.

Konfransda daxili işlər orqanlarının işinin səmərəli təşkilində, cəmiyyətdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, eləcə də beynəlxalq terrorizmə qarşı mübarizədə, silah və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında qadın polislərin iştirakı və s. məsələlər müzakirə olunur.

Konfransda bildirilib ki, bu gün cəmiyyətdə qadınların rolu təkcə ana olmaqla yekunlaşmır. Hər bir ölkənin ictimai-siyasi, mədəni həyatında qadınların xidmətləri böyükdür.

Gürcüstanın daxili işlər naziri Georqi Mqebrişvili azərbaycanlı jurnalistlərə müsahibəsində deyib ki, Gürcüstan çoxmillətli ölkədir. Bizim qadın polis əməkdaşlarımızın sırasında azərbaycanlı qadınlar da var. Onlar ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında gürcülərlə çiyin-çiyinə mübarizə aparırlar. Mən fürsətdən istifadə edərək, onları, eləcə də bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, işlərində, şəxsi həyatlarında uğurlar arzulayıram”.

Nazir, Azərbaycanın Daxili İşlər Nazirliyi və digər müvafiq strukturları ilə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək deyib: “Bilirsiniz ki, cinayətkarların vətəni və cinayətlərin sərhədi olmur. Biz azərbaycanlı həmkarlarımızla çox sıx əməkdaşlıq edirik və bunun da səmərəli nəticəsini hamı görür”.

Konfrans martın 10-dək davam edəcək.