Xəbərlər

Daxili İşlər Nazirliyinin nümayəndələri Sabirabadda və Goranboyda qaçqın və məcburi köçkünlərlə görüşüblər

13.03.2017

Hər il olduğu kimi, bu il də Novruz ərəfəsində - martın 13-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir müavini qarşıdan gələn əlamətdar bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.

Ümummilli Liderimizin əsasını qoyduğu daxili və xarici siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan polis general-leytenantı İsmət Əliyev dövlətimizin başçısının qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün icra qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb. O, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıblar. Bu istiqamətdə həmin rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və nazirliyin rəhbərliyinə təşəkkür ifadə olunub.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirərək, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 67 min manatlıq vəsaitin 41 min manatı Sabirabadın Yeni Şəhriyar, 26 min manatı isə Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub.