Xəbərlər

Bakıda polis əməkdaşının ayıq-sayıqlığı insan həyatının xilası ilə nəticələnib

26.04.2017

Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.

Paytaxtın Sabunçu qəsəbəsi sakini 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.

Ş.İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirib. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən birinin DİN-in “102” Zəng Mərkəzinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin “Facebook”da status yazaraq intihar etmək istədiyi barədə verdiyi məlumat ərazi üzrə rayon polis idarəsinin 12-ci polis bölməsinə ötürülüb. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayıblar.

Polis əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Hadisənin baş verdiyi evi ilk olaraq tapan və Ş.İsgəndərovun həyatını xilas edən şəxs isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Ələsgər Hüseynov olub.

Hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə dar olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Ş.İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar.

Ş.İsgəndərov intihar etmək istəməsinin səbəbi kimi Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.