Xəbərlər

Bakı polisi qanunçuluğun keşiyindədir

08.07.2017

İyulun 8-də Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, cari ilin ilk altı ayı da respublikamız üçün əlamətdar olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanın uğurlu inkişafı davam edib, sosial-iqtisadi problemlər öz həllini tapıb. Bu uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib. DİN-in əsas strukturlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsi ölkənin qanunlarını, nazirliyin kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq qarşıda duran vəzifələrin icrasını davam etdirib, şəxsi heyətin məsuliyyət və tələbkarlığının artırılması üçün zəruri tədbirlər görüb.

Sonra 2017-ci ilin birinci yarısının yekunlarının hərtərəfli təhlil edildiyi, nöqsan və çatışmazlıqların vurğulandığı geniş məruzə müşavirə iştirakçılarına təqdim olunub.

Qeyd edilib ki, hesabat dövründə paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 6094 (2016-cı ildə 6644) cinayət qeydə alınıb. Onların 82,4 faizi (5024-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,6 faizi isə (1070-i) ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə cinayətlər 3,4 faiz, o cümlədən adam öldürməyə cəhdlər 46,2 faiz azalıb. Cinayətlərin 79,9 faizinin (79,6 faiz), ağır növlərinin 81 faizinin (80,7 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 71,1 faizinin (69,2 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 892 cinayətdən 94,9 faizi (96,3 faiz), o cümlədən qəsdən adam öldürmələrin 96,8 faizi (96,7 faiz), adam öldürməyə cəhdlərin 100 faizi (100 faiz) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,3 faiz, qəsdən adam öldürmələr 0,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 1,9 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 2,4 faiz, o cümlədən xüsusi əmlak oğurluqları 4,6 faiz, mənzillərdən edilən oğurluqlar 3,5 faiz, mal-qara oğurluğu 8,4 faiz, avtonəqliyyat oğurluğu 36,7 faiz, soyğunçuluqlar 9,2 faiz, quldurluqlar 9 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8 faiz yaxşılaşıb.

Bildirilib ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz Şəhər” xidmətinin operatorları tərəfindən 2669 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 206 bağlı cinayət açılıb. Habelə 51 soyğunçuluq və quldurluq cinayəti törətmiş 76 nəfərdən ibarət 34 qrup, eləcə də 66 mənzil oğurluğu törətmiş 83 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub. Narkotiklərlə bağlı aşkar edilmiş 468 (721) fakt üzrə qanunsuz dövriyyədən 234 kiloqramdan çox (+26 kq 900 qr) narkotik vasitə çıxarılıb.

Paytaxt ərazisində baş vermiş 297 (323) yol-nəqliyyat hadisəsində 84 (73) nəfər həlak olub, 264 (342) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8 faiz, xəsarət alanların sayı isə 22,8 faiz azalsa da, həlak olanların sayı 15,1 faiz artıb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 492 (704) müvafiq müraciətdən 341-nin (407) icrası təmin olunub.

Diqqətə çatdırılıb ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb. Şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən IV İslam Həmrəyli Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi kimi beynəlxalq tədbirlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülüb, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqlar xüsusi qeyd olunub, onların aradan qaldırılma yolları hərtərəfli müzakirə edilib.

BŞBPİ-nin rəisi Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin cari ilin birinci yarısındakı xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin paytaxtda əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Polis general-mayoru Mirqafar Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.