Xəbərlər

Bakıda keçmiş məhkum silah satmaq istəyərkən tutulub

18.07.2017

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə bir nəfər naməlum şəxsin metronun Qara Qarayev stansiyasının yaxınlığında silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abbasov Tofiq Ələddin oğludur. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “TT” markalı tapança, 3 ədəd patron və tapança darağı aşkarlanıb. 
 
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay əvvəl əldə etdiyini və satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib. Tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədi ilə həmin silah ballistik ekspertizaya göndərilib. Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.