Xəbərlər

Hüquq pozuntularının profilaktikasına dair maarifləndirmə tədbirləri davam edir

25.11.2017

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, belə görüşlərdən biri də paytaxtın Qaradağ rayon tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilib.
Toplantıda rayon polis idarəsinin, icra hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar da iştirak ediblər.
DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzulardan danışıb. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqlardan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” mövzusunda məruzə ilə çıxış edən Ə.Əkbərov törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib. O, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Rayon polis idarəsinin rəhbərliyi, icra hakimiyyəti başçısının müavini, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın, VVAQ şöbəsinin, təhsil şöbəsinin əməkdaşları, narkoloq-həkimlər, məktəb direktorları, müəllimlər, psixoloqlar yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması və onlar arasında narkotik əleyhinə təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat” və digər mövzularda çıxışlar ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.