Xəbərlər

Yol təhlükəsizliyi mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

27.11.2017

Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi tərəfindən yol təhlükəsizliyi mövzusunda Bakı məktəbliləri arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Layihənin rəhbəri Azər Allahverənov tədbirdə çıxış edərək müsabiqə haqqında məlumat verib. O deyib ki, müsabiqədə iştirak edən uşaqlar “Şəkil”, “Plakat”, “Video”, “Şüar” və “Kreativ işlər” nominasiyaları üzrə işlər təqdim ediblər.
Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov müsabiqənin əhəmiyyətindən danışıb. O, yol polisinin maarifçilik əhəmiyyəti daşıyan layihələri dəstəklədiyini diqqətə çatdırıb.
Sonra V.Əsədov yol-nəqliyyat hadisələrinin statistikası ilə bağlı məlumat verib. O vurğulayıb ki, belə layihələrin həyata keçirilməsi yol-nəqliyyat hadisələrinin azalması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.