Xəbərlər

Şagirdlərlə görüş keçirilib

19.06.2018

Nərimanov rayon ərazisində yerləşən 200 nömrəli məktəb-liseydə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda şagirdlərlə görüş keçirilib. 
Tədbirdə iştirak edən Nərimanov RPİ-nin rəisi, polis polkovniki Nəriman İmanov, Bakı Şəhər BPİ və Nərimanov RPİ-nin Veteranlar şuralarının sədrləri mövzu ətrafında çıxış ediblər. Əsasən narkomanlığın yayılması, narkotik vasitələrə qarşı davamlı olaraq həyata keçirilən həm maarifləndirici, həm də hüquqi tədbirlər barədə ətraflı məlumat verilib. 
Bakı Şəhər BPİ Veteranlar şurasının sədri Emin Məmmədov çıxışında ağır tərkibli narkotiklərin müasir dövrdə dünyada sürətlə yayılmasına diqqət çəkib. O, qeyd edib ki, belə maddələrdən istifadə edənlərin ictimai və ailə münasibətləri tamamilə pozulur. Onlar üçün ailənin, uşaqların heç bir dəyəri qalmır. Fikirləri yalnız mübtəlası olduqları narkotik maddə əldə etməyə yönəlir ki, bununla da işlərini, təhsillərini, azadlıqlarını  və ən əsası gələcəklərini itirirlər.
Polis idarəsinin rəisi Nəriman İmanov dinləyicilərin nəzərinə çatdırıb ki, narkomaniya  cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkotik qəbul edənlərdə, xüsusilə yeniyetmələrdə təhlükəli kriminal meyillərin yarandığını bildirən idarə rəisi  xarakterin zəifliyi, özünə nəzarətin hələ tam formalaşmamasının gənclərin cinayət əməllərinə sövq edilməsini asanlaşdırdığını qeyd edib.
Narkotiklərin istər maddi, istərsə də mənəvi cəhətdən insanı  məhvə sürüklədiyini deyən Nərimanov RPİ Veteranlar şurasının sədri Paşa Kərimov isə  zərərli vərdişlərə qurşanan gənclərin    səh ətində və davranışında yaranan problemlər barədə məlumat verib. O, qeyd edib ki, narkotik insanı yalnız cəmiyyət üçün yararsız hala salmır, hətta ailə və yaxın qohumları belə ondan bezərək imtina edir. Bununla da narkoman öz faciəsi ilə təklikdə qalır və nəticə özünü bir çox halda onun cinayət törətməsilə büruzə verir. 
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.