Xəbərlər

Piyadalar və yol qəzaları

25.06.2018

Məlum olduğu kimi, piyadaların vurulması ilə nəticələnən qəzalar ümumi qəzalarda çoxluq təşkil edir. Baxmayaraq ki, piyadalar üçün bu qədər yerüstü, yeraltı piyada keçidləri inşa olunub, tənzimlənən və tənzimlənməyən piyada keçidləri var, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması halları davam edir. Ekspertlərin fi rincə, piyadalar üçün yol hərəkətində iştirakın əsas problemi yolun bir tərəfindən o biri tərəfinə keçmək məsələsidir. Bu məsələ ilə bağlı 5 vəziyyət ola bilər. 

1. Əgər yolda piyadanın gördüyü məsafədə yeraltı və ya yerüstü piyada keçidi varsa, piyada yolun bir tərəfindən o biri tərəfinə yalnız keçidlə keçməlidir. Bunun edilməməsi, yəni piyadanın yolun hərəkət hissəsi ilə bu tərəfdən o biri tərəfə keçməsi istisnasız olaraq (avtomobillərin olub-olmamasından asılı olmayaraq) qayda pozuntusudur. Bu səbəblə baş vermiş qəzada piyada da hər bir halda təqsirkardır. 
 
2. Piyadanın gördüyü məsafədə svetoforla və ya nizamlayıcı polis əməkdaşı tərəfindən tənzimlənən, yol nişanı və nişanlanma xətti (zebr kimi tanıdığımız xətlər) ilə işarələnmiş piyada keçidi varsa, piyada yolu həmin keçidlə, özü də yalnız svetoforun və ya nizamlayıcının siqnalına uyğun olaraq keçməlidir. Əgər avtomobillər üçün yaşıl işıq, piyada üçün qırmızı və ya sarı işıq yanırsa, yolda avtomobilin olub-olmamasından asılı olmayaraq piyada dayanıb gözləməlidir. 
 
3. Yol-hərəkət qaydalarına görə, piyada nizamlanmayan keçidlərdə yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Sürücü belə keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa  və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Bu iki normanı birgə təhlil etdikdə aydın olur ki, piyada nizamlanmayan piyada keçidində nəqliyyat vasitələrinə mane olmamaq və öz təhlükəsizliyini qorumaq şərti ilə yolu keçə bilər. Sürücü isə nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda diqqətli olmalı, piyada varsa, sürəti azaltmalı, hətta lazımdırsa, dayanmalıdır ki, piyada rahat keçib getsin. 
 
4. Əgər piyadanın görmə məsafəsində hər hansı piyada keçidi yoxdursa, onda piyada yolun bir tərəfindən o biri tərəfinə yolayrıcında da keçə bilər. Amma nəzərə almaq lazımdır ki, belə yerdə də yolun hərəkət hissəsinə piyadanın çıxması həm nəqliyyat vasitələrinə mane olmamaq, həm də öz təhlükəsizliyini qorumaq şərti ilə mümkündür. Yolayrıcında piyada yolu ən qısa trayektoriya ilə, səki və ya yol çiyni xətti üzrə keçməlidir. Yolayrıcını diaqonal boyu keçmək piyada üçün ən təhlükəli vəziyyətdir. Çünki belə olanda piyada eyni vaxtda bir neçə istiqamətdən nəqliyyat axınının qarşısına çıxır, həm də yolayrıcında olma müddəti daha böyük olur. Qeyd olunan şərtləri pozmaqla yolu keçən piyada qəzaya düşərsə, bu qəzada onun özü də təqsirkar olacaq. 
 
5. Heç bir yolayrıcının və piyada keçidinin olmadığı yerlərdə piyadaların yolu keçməsi daha təhlükəlidir. Ona görə də buna müstəsna hallarda yol verilməlidir. Qaydalara əsasən, ortasında ayırıcı zolaq və ya sədd olan yolun bir tərəfindən o biri tərəfinə keçmək qəti qadağandır. Digər hallarda isə piyada yolu elə keçməlidir ki, onun keçdiyi yer hər iki istiqamətdən kifayət qədər məsafədən görünsün. Deməli, döngələrdə, yaşıllıqların arxasında, müxtəlif tikililərin arxasında yolu keçməyə heç bir halda yol verilməməlidir. Gecə vaxtı xüsusilə diqqətli olmaq lazımdır. 
 
Qaydalara əsasən, yolun işıqlandırılmayan sahəsində, piyada keçidi olmayan yerdə, görünmə sahəsində yaxınlaşmaqda olan nəqliyyat vasitəsi varsa, piyada heç bir halda yolu keçməməlidir. Piyada bilməlidir ki, “mənə bura lazımdır” deyə yolun bir tərəfindən o biri tərəfinə keçmək son dərəcə təhlükəlidir və ona həyatı bahasına başa gələ bilər. Ona görə də yolu yalnız qaydalarda göstərilən üsullara və şərtlərə riayət etməklə keçmək olar. 
Sürücülər isə nəzərə almalıdırlar ki, yolda hərəkət qaydasını pozmuş piyada maneə sayılır. Yol hərəkəti qaydaları isə maneəni görmüş sürücünün qəzanın qarşısını almaq üçün sürəti azaltmalı, hətta lazımdırsa dayanmalı olduğunu təsbit edir. Ona görə də piyada vurma halları araşdırılarkən sürücünün intizamsız piyadanı vurmamaq üçün tədbir görmək imkanına malik olmadığı aydın olarsa, həmin sürücü məsuliyyətə cəlb edilməyəcəkdir. Bu isə kifayət qədər çətin məsələdir  - dəqiq, ədalətli və obyektiv araşdırma nəticəsində mümkündür. 


“Polis” qəzeti