Xəbərlər

Azərbaycan Polisi

29.06.2018

Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur. Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır. Mən bu gün də Azərbaycan polisini dəstəkləyirəm, polisin inkişafı üçün bütün lazımi tədbirləri görürəm.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan polisi ağır və şərəfli bir 100 il keçmişdir. 1918-ci il iyulun 2-də yaradılmış polis orqanlarımızın, müsəlman şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin olunmasında, əmin-amanlığının qorunmasında, erməni təcavüzünün dəf olunmasında, həqiqətən, böyük xidmətləri olmuşdur. AXC-nin süqutundan sonra SSRİ tərkibində olan Azərbaycan polisi bu cəmiyyətin yaşadığı bütün problemlərin həllində, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, xüsusən, faşist Almaniyasına qarşı qanlı müharibədə misilsiz fədakarlıq və qəhrəmanlıq göstərmişdir. Ümumilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci  rəhbərliyi dövründə, 1969 - 82-ci illərdə respublikanın daxili işlər orqanları SSRİ-nin müvafiq strukturunun tərkibində olsa da, milli mentalitetə uyğun formalaşdırılırdı. Ulu öndər uca təfəkkürünün zirvəsindən Azərbaycanın gələcək müstəqilliyini görərək, respublikanın iqtisadi bazasını yaratdığı kimi, müstəqil dövlətə xas olan bütün institutlarının, o cümlədən daxili işlər orqanlarının milli kadr potensialının formalaşdırılmasının qayğısına qalmışdı. 

1990-cı illərin əvvəlində, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Ölkə daxilində gedən hakimiyyət mübarizəsi və bu mübarizənin fonunda baş alıb gedən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri vəziyyəti daha da çətinləşdirirdi. Belə bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda xalqın ziyalıları ümummilli liderə - Heydər Əliyevə müraciət etdi və ondan hakimiyyətə gəlməyi, dövləti və milləti xilas etməyi xahiş etdi. Azərbaycan xalqı öz ziyalılarının səsinə səs verdi, öz dahi oğlunun hakimiyyətə qayıtmasını tələb etdi. Ümummilli liderimiz xalqın tələbi ilə hakimiyyətə qayıtdı və özünün müqəddəs xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, xarici təcavüz və iqtisadi tənəzzül dayandırıldı. 
Azərbaycanda islahatlar və inkişaf dövrü başlandı. Azərbaycan polisi bu şərəfli missiyanın həyata keçirilməsində yaxından iştirak etdi, ümummilli liderin rəhbərliyi ilə sovet milisindən milli Azərbaycan polisinə kimi inkişaf yolu keçdi.

Həmin dövrdə bütün bu çətinliklər, məhz ulu öndər Heydər   Əliyevin birinci rəhbərliyi dövründə formalaşmış Azərbaycan polisinin üzərinə düşürdü:  Qarabağ müharibəsi, dövlət çevrilişi cəhdləri, keçid dövrünün keşməkeşləri... Odur ki, ümummilli lider deyirdi: “Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi Azərbaycan polisinə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik”. Müharibənin ilk illərində Azərbaycanın milli ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Ulu öndər Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”  

Ümummilli lider daxili işlər orqanları əməkdaşları qarşısında üç tələb qoymuşdu: intellektual səviyyəni yüksəltmək və peşəkarlığın dünya standartları səviyyəsinə çatdırılmasına nail olmaq, dünyanın ən qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə etdiyi ən müasir texnologiyalara yiyələnmək və nəhayət, Vətənə, dövlətə sadiq olmaq. Azərbaycanın daxili işlər orqanlarının, daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bu siyasi kursunu uğurla icra etməsi dövlətin bütün strukturlarında olduğu kimi, ölkənin polis orqanlarında da yeniləşmənin, modernləşmənin, beynəlxalq standartlar səviyyəsinə yüksəlişin əsasını qoydu. 

Azərbaycanda müəllifi ulu öndər Heydər Əliyev olan, dövlətin hər bir vətəndaşına, hər bir strukturuna diqqət və qayğı siyasətini indi möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Məlum olduğu kimi, Azərbaycanın dünyaya siyasi, iqtisadi, mədəni inteqrasiyası Prezident İlham   Əliyevin əsas prioritetlərindən biridir. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, dünyada yaxşı nə varsa, öyrənilməli, Azərbaycan gətirilməli, tətbiq edilməlidir. Bu, dünyaya inteqrasiyanın formalarından biridir. Prezident  İlham Əliyevin tövsiyə və göstərişlərini gündəlik fəaliyyətində əsas tutan daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə bu gün Azərbaycan polisi dünyanın inkişaf etmiş ölkələrindəki həmkarları ilə geniş əlaqələr qurur, onların qabaqcıl təcrübəsini öyrənir və özünün fəaliyyəti, nailiyyətləri ilə onları tanış edir. İndi Azərbaycan polisi, bir vaxtlar yalnız xarici filmlərdə gördüyümüz, qabaqcıl dünya ölkələrinin polislərinin istifadə etdiyi müasir texnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilmişdir. Azərbaycanın daxili işlər orqanlarına qəbul müsabiqə əsasında, tam şəffaflıqla həyata keçirilir. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dediyi kimi, polisə yalnız ən yaxşılar qəbul edilir. Təbii ki, bütün bunlar Azərbaycan polisinin öz vəzifələrini yüksək səviyyədə həyata keçirməsinə, ölkədə təhlükəsizliyin tam təmin olunmasına, ictimai asayişin, vətəndaşlarımızın konstitusion hüquqlarının fədakarlıqla qorunmasına öz müsbət təsirini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Azərbaycan polisinin 90 illiyi münasibətilə Prezident İlham Əliyevin 5 sərəncam imzalaması, daxili işlər orqanları əməkdaşlarının maaşlarının artırılması, öz əməyi, nümunəvi fəaliyyəti ilə seçilənlərin mükafatlandırılması, təltif olunması, xüsusi rütbələr alması bu diqqətin, qayğının nəticəsi idi.  Azərbaycan Prezidentinin 90 illik yubiley münasibətilə daxili işlər orqanlarına göndərdiyi təbrikdə deyilirdi: “Bu gün Azərbaycan polisi inkişaf və yeniləşmə mərhələsini yaşayır. Müasir dövrün çağırışlarına cavab olaraq aparılan islahatlar nəticəsində onun üzərinə qoyulan vəzifələrin dairəsi genişlənir. Cinayətlərin qarşısının alınması ilə yanaşı, insan hüquq və azadlıqlarının qorunması daxili işlər orqanlarının prioritetlərindən birinə çevrilir. Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir.”

Azərbaycan dövlətinin əsas strukturlarından biri olan Azərbaycan polisi bu diqqətin, qayğının sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təchizat, həm də mənəvi tələbat baxımından müasir standarlara cavab verəcək səviyyəyə yüksəlir. Bu gün hər bir polis işçisi haqlı olaraq düşünür ki, Azərbaycan polisi, onun rəşadəti, Vətənə, dövlətə sədaqəti ilə fəxr etməyə dəyər. Daxili işlər orqanlarında aparılmış struktur dəyişiklikləri, yeni xidmət sahələrinin açılması, müasir tələblərə cavab verən mükəmməl kadr potensialının yaradılması, sözün əsl mənasında, fəxr etməli nailiyyətlərdir. Azərbaycan Prezidenti bu nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, daxili işlər orqanlarının qarşısına yeni vəzifələr qoymuşdur: “Polis həm qətiyyətli olmalıdır, cinayətkarlara qarşı barışmaz, sərt olmalıdır, eyni zamanda insanlara qarşı çox mədəni, mülayim olmalıdır, kobudluğa yol verməməlidir. Çünki biz hamımız - dövlət işində işləyən insanlar xalqa xidmət edirik. Bizi ona görə seçirlər, ona görə etibar edirlər ki, biz öz tərəfimizdən qərarların qəbul olunması ilə, öz hərəkətimizlə, öz nümunəmizlə xalqa xeyir gətirək...”

“Polis” qəzeti