Xəbərlər

Polis Hər Sınaqdan Uğurla Çıxır

10.07.2018

Polisin fəaliyyəti, daha doğrusu xidmətdə göstərdiyi fədəkarlıqları adətən çətin anlarda, ekstremal şəraitlərdə üzə çıxır. Məhz bu zaman onun potensialını, nəyə qadir olduğunu, peşəkarlığını qiymətləndirməyə fürsət yaranır. 

Bəlkə  bu yerdə fürsət ifadə olaraq yerinə düşmür, ona görə ki, ekstremal vəziyyət özüylə problemlər gətirir və bunun bir fürsət yarada biləcəyini qeyd etmək düzgün deyil. Ancaq, bu, sıradan insanlar üçün keçərli sayılmalıdır, çünki  bəzən cəmiyyətdə polisin fəaliyyətinə qərəzli yanaşanlar tapılır. Onların polisi tanıma fürsəti yalnız ekstremal vəziyyətlərdə yaranır, polisin köməyinə ehtiyac duyulan anlarda ortaya çıxır.  
İyulun 2-də gecə və 3-də axşam saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən məlum qəzalar da, Bakı daxil olmaqla, respublikanın bir sıra rayonlarında çətinliklər yaratdı. Paytaxtda daha çox ajiotaj metroda baş verdi, enerjinin kəsilməsi ilə qatarlar tunellərdə qalmışdı, sərnişinlər təxliyyə olunmaqla metrodan çıxarmaq lazım gəldi. Bu zaman bir qədər  panika və  havada temperaturun yüksək olması uşaqdan tutmuş yaşlıya kimi sərnişinlərin əziyyət çəkməsinə səbəb oldu. 
Belə bir vəziyyətdə metroda sərnişinlərin çıxarılmasında polislərin də böyük əməyi olmuşdur. Sərnişinlərin təxliyyəsində iştirak edən polislər hətta fədakarlıq edirdi. Sosial şəbəkə və mediada yayılan görüntülərdə polislərin insanlara yardım etmək üçün can-başla çalışdıqları, əllərindən gələn köməyi göstərməyə cəhd etdikləri görünür. Birinci qəzanın baş verdiyi ilk saatlardan başlayaraq polis Bakıda qəfil ortaya çıxmış problemin nəticələrinin aradan qaldırılmasına başlamışdı. 
Elektrik enerjisinin kəsilməsi gecə saatlarında yollarda hərəkətin təhlükəsizliyinə maneə yaratdığına görə yol polisi səhərə qədər xidmətdə oldu. Yəni, adi vaxtı bizim də tez-tez ifadə etdiyimiz kimi, gecəsini gündüzünə qatdı.  Svetoforların işləməməsi bəzi küçə və prospektlərdə sıxlığa səbəb olsa da, yol polisi vəziyyəti dərhal nəzarətə götürdü. 
Bununla bağlı Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov demişdir ki, qəzadan dərhal sonra DYP rəhbərliyinin göstərişi ilə bütün şəxsi heyyət iş başında olub, yollar, xüsusən də yolayrıcları tam nəzarətə götürülüb. Hər bir yolayrıcında, piyada keçidi yaxınlığında polis əməkdaşı olub, onlar YPX avtomobilindəki İ-patrul sisteminin imkanlarından istifadə edərək sürücülərə və piyadalara əvvəlcədən işarə verərək yolayrıclarından, piyada keçidlərindən təhlükəsiz qaydada keçməsinə imkan yaradıblar. Hər hansı ağır yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. 
Bəzi svetoforların işləmədiyinə görə müəyyən ərazilərdə sıxlıq yarandığını deyən bölmə rəisi, hadisələrin qarşısını almaq üçün bütün idarə rəhbərliyinin iş başında olduğunu bildirmişdi. 
 
Yeri gəlmişkən qeyd edək ki, hadisədən bir gün sonra paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilmişdi.
Qeyd edilməlidir ki, baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması və şəhər sakinlərinin təhlükəsizliyini qorumaq, müvafiq dövlət strukturlarının birgə səyilə insanların normal həyat ritmini təmin etmək  üçün qısa müddətdə vəziyyət nəzarət altına alındı. Polis də üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirdi, yenə də xidmətini davam etdirir. Bir sözlə deyə bilərik ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərən, hər zaman xalqını və dövlətini müdafiə edən polis bütün sınaqlardan uğurla çıxır. 

“Polis” qəzeti