Xəbərlər

İnformasiya texnologiyalarının tətbiqi diqqət mərkəzindədir

24.07.2018

Respublikamızda hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyaları tətbiq olunur. Profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşıb. 

Təsadüfi deyil ki, “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 967 cinayət “isti izlər”lə açılıb, 5.153 hüquqazidd əməlin qarşısı alınıb, 1993 cinayət işi başlanılıb. Bu barədə iyulun 14-də Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında vurğulanıb. 

Qeyd olunub ki, “Təhlükəsiz şəhər” xidmətinin imkanları ilə 248 cinayət açılıb, 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb.  Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb,bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib.