Xəbərlər

Profilaktik tədbirlər diqqət mərkəzindədir

24.10.2018

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar oktyabrın 23-də Yasamal rayonundakı 153 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirmə tədbiri keçirilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, toplantıda Rayon Polis İdarəsinin, İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar da iştirak ediblər.
 
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov tədbiri açaraq toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib.
 
“Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edən A.Adıgözəlov törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu nəzərə çatdırıb.
Rayon Polis İdarəsinin nümayəndələri, İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri, təhsil və VVAQ şöbələrinin əməkdaşları, narkoloq-həkim və psixoloqlar yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, həmçinin “Erkən nigahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Dini radikalizm” mövzularında ətraflı məlumat veriblər.
 
Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyü vurğulanıb.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.