Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

06.11.2018

Təhsil müəssisələrində narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirilir.  Bu istiqamətdə  Bakının daha bir neçə təhsil ocağında polis əməkdaşlarının  şagirdlərlə  görüşü olub. 
Bakı Şəhər BPİ  İctimai Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, ötən ay 5 rayonun orta məktəbində görüşlər keçirilib. Narkotiklərlə Mübarizə İdarəsilə birgə hazırlanmış plan əsasında baş tutan tədbirlər paytaxtın 218, 320, 227, 173 və 101 nömrəli orta məktəblərini əhatə edib.
Zərərli vərdişlər və “Narkomaniyaya yox deyək” adı altında təşkil edilən görüşlərdə yuxarı sinif şagirdlərinə narkotik maddələrin yaratdığı təhlükələr barədə ətraflı məlumat və tövsiyələr verilib, yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, məsuliyyətləri izah olunub. 

Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkilini diqqət mərkəzində saxlayan Nizami RPİ –nin əməkdaşları şagirdlərlə növbəti  dəfə görüşüblər.  
Rayon Polis İdarəsindən aldığımız məlumata görə, oktyabrın 31-də Nizami rayonu ərazisində yerləşən 227, noyabrın 2-də isə 242 nömrəli orta məktəbdə  tədbir keçirilib. Yeniyetmə və gənclər arasında anti-narkotik təbliğatın gücləndirilməsi məqsədi daşıyan maarifləndirmə tədbirində Bakı Şəhər BPİ, Rayon Polis idarəsi və 24-cü PŞ-nin əməkdaşları, polis veteranlar şurasının üzvləri, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 
Bakı Şəhər BPİ İctimai Təhüləkəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik leytenantı Məryəm Ömərova, Nizami RPİ-nin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, 24-cü PŞ-nin rəisi, polis  polkovnik-leytenantı Cövdət Məmmədov tədbirlərdə çıxışlar ediblər. Dövlətin gələcək həyatında iştirak edə bilmələri üçün şagirdlərə diqətlərini yalnız təhsilə, məktəbə yönəlmələrini və sağlam həyat tərzi keçirmələrinin zəruriliyi barədə tövsiyələr verilib. Xüsusilə zərərli vərdişlərdən çəkinmək, siqaret və alkoqollu içkilərin, narkotik maddələrin insan orqanizmində törətdiyi fəsadlar, xəstəliklər, onlardan qorunmaq yolları haqqında geniş söhbət aparılıb. 
Tədbirlərdə iştirak edən psixoloq Əsmər Talıbova narkotik, eləcə də başqa zərərli vərdişlərin insan orqanizminə psipoloji və fiziki təsirləri barədə yeniyetmələri məlumatlandırıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.