Xəbərlər

Polis yeniyetmələri maarifləndirir

08.12.2018

Nizami polisi rayon ərazsində yerləşən məktəblərdə narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbirlərini davam etdirir. 

Nizami RPİ və 24-cü PŞ əməkdaşlarının təşkilatçılığı ilə 210 nömrəli məktəbdə şagirdlərlə baş tutan görüşdə rayon icra hakimiyyətinin nümayəndələri, müəllimlər, polis veteranları iştirak ediblər.  

Şagirdlər qarşısında çıxış edən 24-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov uşaq hüquqlarının qorunması, onların yüksək təhsillə təmin olunmaları və vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən danışıb, dövlətin gənclər siyasətinin uğurla davam etdirilməsi məqsədi ilə polisin üzərinə düşən vəzifələrdən, onların yerinə yetirilməsindən bəhs edib. Maarifləndirmə yolu ilə gəncləri hüquqazidd əməllərdən qorumağın polisin əlində əsas vasitə olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Daha sonra şöbənin inspektoru, polis leytenantı Xədicə Hüseynova və psixoloq Əsmər Talıbova narkomaniyanın fəsadlarından, siqaret və alkoqolizm, internetdə zorakılığı təbliğ edən oyunların zərərli vərdiş kimi təsirlərindən bəhs ediblər. Rayon polis idarəsinin Veteranlar Şurasının üzvləri Adil Abbasov və Fərhad Bağırov isə polisin maarifləndirici tədbirlərinin əhəmiyyətinə toxunaraq, hüquq-mühafiz orqanlarına ictimai dəstək göstərilməsində xüsusən gənclərin aktiv olmalarının vacibliyini vurğulayıblar. 

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomanlıq və onun fəsadları, insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş olunub.