Xəbərlər

Vətəndaş məmnunluğunun təmini üçün işlər davam etdirilir

04.01.2019

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında ümumvətəndaş pasportlarının verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ölkənin bütün bölgələrində regional şöbələr tərəfindən aparılan xidmət vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şimal Bölgəsində Regional Şöbəsi tərəfindən aparılan qüsursuz xidmət sakinlər tərəfindən yüksək qiymətləndirilir. Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edən regional şöbədə sənədlərin qəbulu həftə içi bütün günlər həyata keçirilir. Şöbəyə təhkim olunmuş müasir standartlarla cavab verən xidməti avtomobillə əməkdaşlar mütəmadi ətraf rayon və kəndlərdə səyyar xidmətdə olurlar. Vətəndaşlar rahatlıqla öz yaşadıqları rayon və kəndlərdə ümumvətəndaş pasportu almaq üçün müraciət edə bilirlər. Səyyar xidmətlər şəffaflıq və aşkarlıq prinsipləri əsasında həyata keçirilir.

Şimal regional şöbə tərəfindən geridə qoyduğumuz il ərzində ümumilikdə 7761 sənəd qəbul edilib. Onlardan 1557-si regional şöbədə, 6204- isə keçirilən səyyar xidmətlər zamanı qəbul edilib. Qəbul edilən sənədlər ümumvətəndaş pasportunun alınması üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinə uyğun müddətdə (1, 5 və ya 10 iş gününə) hazırlanaraq vətəndaşlara təqdim olunub.

Keçirilmiş tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Belə ki, polis əməkdaşları onların yaşadıqları ünvana gedərək, müvafiq sənədləri toplayır və pasport hazır olduqdan sonra onlara təqdim edirlər. Sakinlər onlara göstərilən xidmətlərdən razı qalaraq, öz minnətdarlıqlarını bildirirlər.