Xəbərlər

Avtomobil qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

08.01.2019

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hyundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci polis şöbəsinə məlumat verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, dərhal araşdırmalara başlanılıb və hadisə yerinə baxış keçirilib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H. saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bildirib. Araşdırma zamanı saxlanılan şəxsin dekabrın 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub. 

Saxlanılan şəxs barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.