Xəbərlər

Quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub

14.02.2019

Paytaxt sakinini bıçaqla hədələyib “İphone 7” markalı mobil telfonunu quldurluq yolu ilə əlindən alan keçmiş məhkum tutulub. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “İphone 7” markalı mobil telelfonunu əlindən alıb. 

Zərərçəkən bundan sonra hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Röyal Səfərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.

Araşdırma zamanı R.Səfərovun Sabunçu rayonunda daha bir şəxsə qarşı hədə-qorxu gələrək onun da mobil telefonunu əlindən aldığı məlum olub. Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar artıq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu RPİ və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.