Xəbərlər

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 5 nəfər saxlanılıb

04.03.2019

Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakinlərindən biri yaranmış borc probleminin həlli ilə bağlı borclu olduğu şəxsin tanışları tərəfindən təhdid edildiyini bildirmişdir.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 5 nəfər saxlanılmışdır.
 
Onlardan bıçaq, narkotik vasitə olan heroin, metamfetamin aşkar edilərək götürülmüşdür.
 
Saxlanılanlardan birinin Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə axtarışda olması da müəyyən edilmişdir.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.