Xəbərlər

Külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb

15.04.2019

Narkotik vasitə satmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədzadədən 540 qram heroin və 228 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı mənzildən isə əlavə olaraq 540 qram heroin və 228 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

Onunla birgə olan Salyan rayon sakini V.Kazımov da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.