Xəbərlər

Şahmat turniri başa çatıb

02.05.2019

Bakı şəhər BPİ-nin inzibati binasında keçirilən ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunan şahmat turniri mayın 1-də başa çatıb. 

Bakı şəhər BPİ Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov bildirib ki, maraqlı və gərgin mübarizə şəraitində keçən oyunlar polis əməkdaşlarına öz bacarıqlarını daha da təkmilləşdirmə fürsəti verib. Doqquz  turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə 13 komanda tərkibində 30 polis əməkdaşı iştirak edib. İştirakçılar toplanmış ümumi xal üzrə həm şəxsi, həm də komanda birinciliyi uğrunda mübarizə aparıblar. 

Yekun nəticələrə əsasən şəxsi hesabda birinci yeri 7,5 xalla Bakı şəhər Baş Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev tutub. O, indiyədək hər il keçirilmiş turnirlərdə şəxsi birinciliyi təmin etdiyinə görə, bu yarışların da ən güclü oyunçusu hesab olunurdu.   

Şəxsi nəticələr üzrə Bakı şəhər BPİ Kadrlar İdarəsinin inspektoru, polis mayoru Xalid Əliyev ikinci, Yasamal RPİ-nin polis serjantı İman Quliyev isə üçüncü yerlə kifayətlənməli olub.
 
Komanda hesabında da Bakı şəhər BPİ-nin komandası 21 xalla birinciliyi əldə edib. Yasamal RPİ 17 xalla ikinci, Xətai RPİ isə 13 xalla üçüncü pillədə qərarlaşıb. 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara xidməti işlərində və növbəti yarışlarda uğurlar arzulayıblar.

Sonda turnirin qalibləri medal və kuboklarla təltif olunublar.