Xəbərlər

Polislər daha bir məktəbdə görüş keçiriblər

06.05.2019

Təhsil müəssisələrində maarifləndirici görüşlərin keçirilməsini davam etdirən polis əməkdaşları mayın 4-də 227 nömrəli məktəbdə olublar. Bakı şəhər BPİ və Nizami RPİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şagirdlərə narkomaniyanın zərərləri barədə ətraflı məlumat verilib. 

Tədbirdə Bakı şəhər BPİ  İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Məryəm Ömərova, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şirəli Babayev, Fərid Həsənov, Bakı şəhər BPİ Veteranlar şurasının sədri Emin Məmmədov və Nizami RPİ-nin  baş inspektoru Pərvanə Əzizova çıxış edib.

Qeyd olunub ki,  əsasən  gəncləri hədəf alan narkomaniya ilə  uğurlu mübarizə aparmaq üçün yalnız inzibati üsullar kifayət edə bilməz, cəmiyyətdən güclü ictimai dəstək olmalıdır və maarifləndirmə tədbirlərinin bir  məqsədi də insanların diqqətini narkomaniya ilə birgə mübarizəyə çəkməkdir. Bu məqsədlə gənclər, yeniyetmələr ayıq-sayıq olmalı, anti-narkotik  təbliğatının həmyaşıdları arasında yayılmasında fəal iştirak etməlidirlər.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin nəticələri iştirakçıların nəzərinə çatıdırılıb, bu sahədə əldə edilən uğurlardan bəhs edilib, hüquq pozuntusu və digər zərərli vərdişlərdən uzaq olmaları haqqında onlara tövsiyələr verilib. 

Polisin apardığı profilaktik söhbətlərin əhəmiyyətindən danışan məktəb direktoru Sevinc Hüseynova şagirdlərin qanun keşikçiləri tərəfindən zərərli vərdişlər və narkomaniya haqqında məlumat almalarının ümumi təlim-tərbiyə işinə müsbət təsir etdiyini vurğulayıb.

Tədbir şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.