Xəbərlər

Şagirdlərə narkomaniyanın fəsadları barədə məlumat verilib

25.05.2019

Mayın 24-də Nizami rayonunda yerləşən Kimya-Biologiya təmayüllü liseydə polis əmakdaşları ilə şagirdlərin  görüşü keçirilib. 

Yeniyetmə və gənclərin zərərli vərdişlərin, xüsusən narkotik vasitələrin təsirinə düşmə təhlükəsinə qarşı yönəlmiş profilaktik tədbir rayon polis idarəsi əməkdaşlarının təşkilatçılığı ilə baş tutub. 

Nizami RPİ-nin baş inspektoru  Pərvanə Əzizova,  25-ci PŞ-nin inspektoru Günay Qurbanova, psixoloq Əsmər Talıbova, rayon icra hakimiyyətinin nümayəndəsi Bəhmən Hüseynov və liseyin həkimi Həmidə Ələsgərova tədbirdə çıxış edib. 

Qeyd edilib ki, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparılır. Bu məsələdə dövlət qurumları ilə bərabər, cəmiyyətin birgə fəaliyyət göstərməsi zəruridir. Əsasən gənclər narkomaniyanın hədəfinə çevrilir və bunun qarşısını səmərəli şəkildə almaq üçün elə gənclər fəallıq göstərməli, təhlükə barədə məlumatlı olmalıdırlar. Keçirilən profilaktik tədbirlər də gəncləri, yeniyetmələri narkomaniyanın tələsinə düşməkdən qoruma məqsədi daşıyır. 

Çıxış edənlər bildiriblər ki, əsrin bəlası sayılan narkomaniya bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən də gənc nəsilin sağlamlığının itirilməsinə gətirib çıxarır və milli genefondu təhlükə altına alır. 

Tədbirin sonunda narkotik maddələrin zərərlərindən bəhs edən vido-süjet nümayiş olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.