Xəbərlər

QANUNÇULUĞUN VƏ TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏ

06.09.2014

Sentyabrın 5-də Bakı şəhər Baş Polis İdarəsində “Qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində görülmüş işlərin vəziyyəti”, “Bakı şəhərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin yekunları” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası” istiqamətində görülmüş işlərə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirmişdir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs, demokratik islahatlar möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir. Respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının mühüm rolu vardır. Cənab nazir Ramil Usubovun rəhbərliyi ilə əldə olunan bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan Bakı şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu vurğulayan Baş İdarənin rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini diqqətə çatdırmışdır. 
 
Birinci məsələ ilə əlaqədar Bakı şəhər BPİ rəisinin ŞHİÜ böyük köməkçisi, polis polkovniki Əli Vəliyev çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, 2014-cü ilin hesabat dövrü ərzində yerlərdən daxil olmuş məlumatların ümumiləşdirilərək, xidməti və icra intizamının pozulması hallarının üstünlük təşkil etdiyi xidmət sahələrinin müəyyənləşdirilməsi, nöqsanların yaranma səbəblərinin öyrənilərək aradan qaldırılması üçün zəruri tədbirlərin planlaşdırılması, şəxsi heyət arasında mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, təlim-tərbiyənin, nizam-intizamın, qanunçuluğun möhkəmlənməsi, gənc əməkdaşlara əxlaqi dəyərlərin, vətənpərvərlik hisslərinin aşılanması, şəxsi heyətin, o cümlədən şəhid polis ailə üzvlərinin sosial müdafiəsi hüququnun təşkili, xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılmasına diqqətin artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir.
İkinci məsələ ilə əlaqədar Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki Musa Hacıyev ìəðóə etmişdir. Qeyd olunmuşdur ki, ilkin hesablamalara görə cari ilin 8 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 977 cinayət faktı aşkar olunmuşdur. Bu cinayət işləri üzrə ümumilikdə 185 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılmışdır (14,6 kq tiryək, 5,9 kq heroin, 159 kq marixuana, 4,9 kq həşiş və ya həşiş qətranı). Eyni zamanda yaş kütləsinin çəkisi 59 kiloqram olan, 300 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
 
Üçüncü məsələ ilə əlaqədar İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis pokovniki Nurullah Məmmədxanlı çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, Qanundan və dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində İcTİ əməkdaşları tərəfindən bir sıra idarəçilik funksiyaları həyata keçirilmiş, əməli köməkliklər göstərilmişdir. Polis idarələrində bu sahədə görülmüş işlər mütəmadi olaraq təhlil edilərək statistik hesabatlar ümumiləşdirilmiş, uşaq problemlərinin həlli, yeniyetmələr tərəfindən törədilən hüquqpozmalarla mübarizənin aparılması ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq görüşlər keçirilmişdir.
 
2014-cü ilin 6 ayı ərzində cinayət və hüquq pozuntusu törətmiş uşaqların və sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkar olunması, uşaqlara qarşı işgəncə və pis rəftar hallarının, cinayət və hüquq pozuntusu törətmiş yeniyetmələrin profilaktiki qeydiyyata götürülməsi istiqamətində görülmüş işlərin vəziyyəti təhlil edilərək mövcud nöqsanların aradan qaldırılması məqsədilə hazırlanmış icmal-arayış Polis idarələrinə göndərilmiş, eyni zamanda cari ilin iyul ayında yetkinlik yaşına çatmayanların və onların valideynlərinin profilaktiki qeydiyyata götürülməsi işinin təşkil olunmasının vəziyyəti öyrənilərək idarələrə əməli köməkliklər göstərilmişdir. 
 
Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış etmiş, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər. 
 
Bakı şəhər BPİ-nin rəisi Rafiq Abbasov əməliyyat müşavirəsinə yekun vuraraq nöqsanların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini vermişdir. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin etmişdir ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaqdır.