Xəbərlər

“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir...

14.11.2019

Noyabrın 12-də Səbail rayonunda yerləşən M.Rəhim adına 7 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!”  mövzusunda maarifləndirici tədbir keçirilib. Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Narkotiklərlə Mübarizə idarələrinin təşkilatçılığı ilə baş tutan tədbirdə Səbail Rayon Polis İdarəsinin aidiyyəti əməkdaşları da iştirak edib.
 
Tədbirdə İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elçin Səfərov və Səbail RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emil Cavadov çıxış edib. 

Tədbir iştirakçılarına daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı keçirilən əməliyyat tədbirləri barədə məlumat verilib. Bildirilib ki, bu bəlanı yayanlara qarşı qanunla müəyyən edilmiş çərçivədə qətiyyətli mübarizə aparılır, eyni zamanda, yeniyetmələri, gəncləri narkomaniyadan qorumaq məqsədi ilə maarifləndirici tədbirlər keçirilir. 

Polis əməkdaşları gənclərə pis vərdişlərdən və narkotik vasitələrin toruna düşən  şəxslərdən uzaq durmalarının zəruriliyini izah ediblər, diqqətlərini yalnız təhsilə, elmə yönəltmələri, vətənpərvər və sağlam yaşamaq üçün düzgün seçim etmələri barədə tövsiyələr veriblər. 

Tədbirin sonunda məktəb direktoru Könül Həsənova narkomaniya haqqında ətraflı məlumat verdiklərinə görə polis əməkdaşlarına kollektiv adından minnətdarlığını bildirib.