Xəbərlər

POLİS QANUNÇULUĞUN, TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏDİR

25.02.2015

Azərbaycan polisi müstəqil dövlətimizin cəsurluq, fədakarlıq, mübarizlik rəmzidir. Başqa dövlətçilik atributlarımıza - bayrağımıza, gerbimizə, himnimizə, milli ordumuza və s. böyük sevgi, hörmət hissi ilə yanaşdığımız kimi, eyni münasibəti öz geyim formasında ölkəmizin dövlətçilik simvollarını şərəflə daşıyan polislərimizə də göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycandakı ictimai-siyasi sabitlik mühitindən, dünyanın hətta ən inkişaf etmiş ölkələrində yaşayan insanların belə həsəd apara biləcəyi təhlükəsiz həyat tərzindən məmnunluqla istifadə edərkən bəzən elə gəlir ki, bu, elə əzəldən belə olub. Xüsusilə 1993-cü ildən sonra dünyaya gəlmiş gəncləri, yeniyetmələri cəmi 21 il əvvəl cəmiyyətimizdə baş verənlərə inandırmaq çox çətindir. Bu, bəlkə həm də ona görə çətindir ki, küçəyə çıxmağın belə təhlükəli olduğu o ağır illərin silahlı qarşıdurmalarını, cəmiyyətin xaotik ovqatını, nizamsızlığı, cinayətkarların, cinayətkarlığın meydan sulamasını artıq özümüz də unutmuşuq, artıq az hallarda qorxulu bir röya kimi xatırlayırıq.

Bir zamanlar yaşadığımız o acı reallıqların tarixə çevrilməsində, indi yaddaşımızda gerçəklikdən çox yuxu kimi assosiasiya olunmasında öz qətiyyətli siyasəti ilə cəmiyyətimizə qayda-qanun gətirən, xaosu, nizamsızlığı aradan qaldıran, ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyevə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Eyni zamanda, dövlət rəhbərliyinin bu istiqamətdə irəli sürdüyü vəzifələri illərdir şərəflə yerinə yetirməkdə olan Azərbaycanın hüquq-mühafizə orqanlarının, o cümlədən polisin xidmətlərini unutmamalıyıq. 

İstənilən sahədə irəli sürülən vəzifələrin layiqincə yerinə yetirilməsi, qarşıya qoyulmuş məqsədlərin əldə olunması bu vəzifələrin həvalə edildiyi şəxslərin məsuliyyətindən, üzərlərinə düşən vəzifəyə, onlara göstərilmiş etimada münasibətlərindən çox asılıdır.
29 aprel 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyində keçirilən xüsusi müşavirə zamanı bu strukturda rəhbər dəyişikliyi apararkən ümummilli lider demişdi: “Prezident kimi Daxili İşlər Nazirliyinin şəxsi heyətinə tam inanıram, etibar edirəm, güvənirəm. Hesab edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına, torpağına, vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlardır, peşəkar təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına müraciət edərək onları öz işlərini ancaq və ancaq dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən qurmağa çağırıram. Bunların Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz tərəfimdən lazımi tədbirləri görəcəyəm”.

Aradan ötən illər ulu öndərin bu qərarında da əsla yanılmadığını, DİN-in şəxsi heyətinə və onun rəhbərliyinə inam və güvəninin özünü doğrultduğunu göstərdi. Bunu 1994-cü ildən başlayaraq, Azərbaycan polisinin Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində gördüyü işlərin statistikası bir daha təsdiqləyir. Azərbaycan bu gün MDB və Avropa məkanında cinayətkarlığa qarşı mübarizədə və kriminogen duruma nəzarət sahəsində ən yaxşı göstəricilərə malikdir. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 221 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətlərin orta illik açılması 90 faiz olub. Qeydə alınan hüquqazidd əməllərin 90 faizini məqsədyönlü profilaktik tədbirlər sayəsində, böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Bu illərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 35 mindən artıq odlu silah yığılıb. Və son 20 ildə onun tətbiqi ilə törədilən cinayətlərin sayı 6,2 dəfə azalıb. Axtarışda olan 84 mindən çox təqsirləndirilən şəxs tutulub, 6 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 1994-cü illə müqayisədə 2013-cü ildə avtonəqliyyat vasitələrinin oğurlanması 7,6, qəsdən adam öldürmələr 2,3, quldurluq və soyğunçuluq halları 2 dəfə azalıb.
Statistik göstəricilərdəki pozitiv məzmun 2014-cü ilin yekunlarında da özünü qoruyur. Ötən il cinayətlərin açılması 80 faizdən artıq olub. Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması 46,5, xüsusilə ağır cinayətin açılması 69,5, təqsirləndirilən şəxslərin axtarışının nəticələri 6,5, narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması 9, narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması 16, insan alverinə qarşı aparılan tədbirlərin nəticələri 21, dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz artıb, ümumiyyətlə bütün sahələr üzrə səmərəli nəticələr əldə olunub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62 min 863 ədəd artaraq 1 milyon 308 min 540 olsa da, yol-nəqliyyat hadisələrinin, ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Nazirliyin rəhbərliyi tərəfindən 300-dən çox, respublikanın 9 bölgəsi üzrə 1415 vətəndaşın səyyar qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. Ötən il nazirliyə daxil olmuş şikayətlərin sayı 7 faiz azalıb.

Bunlar adi statistik rəqəmlər deyil, bu rəqəmləri təşkil edən hər bir sayın arxasında Azərbaycan polisinin böyük zəhməti, yuxusuz gecələri, cəsurluğu, fədakarlığı, silahlı cinayətkarların üzərinə gedərkən qarşılaşdığı ölüm təhlükələri və əfsuslar olsun ki, bəzi məqamlarda polis əməkdaşlarımızın həlak olması, yaxud ağır yaralanıb sağlamlığını itirməsi faktları dayanır. Ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı 100-ə yaxın polis həlak olmuş, 2300-ə yaxın əməkdaş yaralanmışdır.
Azərbaycan polisi ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə də ön cəbhədə idi. Bu döyüşlərdə daxili işlər orqanlarının 1695 əməkdaşı və hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər xəsarət almışdı. Göstərdikləri şücaətə və fədakarlığa görə 68 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Azərbaycan polisi bu gün də dövlət müstəqilliyinin qorunması, milli maraqlarımıza qarşı yönəlmiş təhlükələrin dəf edilməsi proseslərinin önündədir.

Azərbaycan dövlətinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, demokratik inkişaf istiqamətində qazandığımız mühüm nəticələr məhz cəmiyyətimizdəki ictimai-siyasi sabitliyin meyvələridir. Bu inkişaf, bu yüksəliş xətti, eyni zamanda, illərdir sabitliyin keşiyində dayanmış Azərbaycan polisinin layiqli xidmətindən, peşəkarlığından, fədakarlığından keçir. Ona görə də ölkəmizin inkişafını gözü götürməyənlərin, müstəqilliyimizi sarsıtmağa çalışan qara qüvvələrin Azərbaycanın bu inkişafının, getdikcə möhkəmlənən dövlət müstəqilliyinin əsas sütunlarından biri kimi vaxtaşırı olaraq məhz polisi özlərinə hədəf seçmələri qətiyyən təəccüb doğurmur.
Bu insanlar xaricdə Azərbaycan dövlətini gözdən salmağa çalışdıqları kimi, daxildə də əsas hədəf olaraq Azərbaycan polisinə qara yaxmağa, cəmiyyətdə daxili işlər orqanlarına qarşı aqressiv ruh formalaşdırmağa can atırlar. Çünki onların müxtəlif dövrlərdə, o cümlədən 1994-cü ildə, 1995-ci ildə, 2003-cü ildə, 2005-ci ildə antiazərbaycançı şəbəkənin dəstəyi ilə milli dövlətçiliyimizə qarşı qəsd cəhdlərinin qarşısı məhz Azərbaycan hüquq-mühafizə orqanlarının, o cümlədən polisin qətiyyətli mövqeyi hesabına alınıb! Azərbaycan polisi onların mənfur niyyətlərinin həyata keçirilməsinə imkan verməyib! Ölkəmizin yenidən xaosa sürüklənməsi cəhdlərini digər müvafiq dövlət qurumları ilə yanaşı, həm də məhz daxili işlər orqanları əngəlləyib.

Həmin dövrdə polisin fədakar fəaliyyətinə ən düzgün qiyməti isə məhz Prezident İlham Əliyev verib: “Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər. Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaqdır”.

POLİS QANUNÇULUĞUN, TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏDİR