Xəbərlər

Vətəndaşları aldadıb pulunu mənimsəyən dələduz tutulub

25.12.2019

Vətəndaşları Avropa ölkələrində yüksək məvacibli işlərə düzəldəcəyi ilə aldadıb onların 50 min manata yaxın pulunu mənimsəyən dələduz saxlanılıb.

Nəsimi rayonunda insanların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onları işə düzəltmək adı altında aldadan və xeyli miqdarda maddi vəsaitlərini ələ keçirən şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Məmmədov tutulub. 

Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosisal şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb. O, iş üçün ona müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşa Respublikalarında yerləşən şokolad fabrikləri, Norveç Krallığında balıq fabriki, Estoniya Respublikasında yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edə edən 15 nəfər zərərçəkəni bu üsulla aldadan V.Məmmədov ümumilikdə onların 50 min manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

Qeyd olunan faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 ( dələduzluq, təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.