Xəbərlər

TƏXİRƏSALINMAZ ƏMƏLİYYAT

26.02.2015

Xəzər rayonu Buzovna qəsəbəsində dəniz kənarı yaşayış sahələrinə gedən qumluq yolda 13 fevral tarixdə saat 15 radələrində 15 bıçaq xəsarətləri ilə qətlə yetirilmiş naməlum qadın meyidi aşkar olunub.

Hadisə yeri polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə müayinə olunmuş, naməlum qadının şəxsiyyətinin müəyyən olunması istiqamətində müvafiq istintaq, əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, qətlə yetirilən şəxsin 1968-ci ildə Oğuz rayonunda anadan olmuş, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Rzayeva Xatirə Saməddin qızı olması müəyyən olunmuşdur. Ona məxsus “Mersedes A 160” markalı avtomaşın isə Xəzər rayonu Şağan qəsəbəsi ərazisində, meyid aşkar olunduğu ərazidən 4-5 km aralıda atılmış vəziyyətdə tapılmışdır.

Faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, mərhum Xatirə Rzayevanın həyat tərzi, əlaqədə olduğu şəxslərin dairəsi dəqiqləşdirilmiş, qətl hadisəsinin 1974-cü il təvəllüdlü, Süleymanov Əmri Tofiq oğlu tərəfindən törədilməsi müəyyənləşdirilmişdir.

Hadisəni törətməkdə şübhəli bilinən Əmri Süleymanovun respublika ərazisini tərk etməsinə baxmayaraq, qonşu ölkədə saxlanılmışdır.

Hazırda cinayət hadisəsi ilə əlaqədar istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir, şübhəli şəxsin ekstradisiyası üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.