Xəbərlər

Çoxsaylı oğurluqlar edən şəxslər saxlanılıblar

30.01.2020

Mənzillərə zirzəmilərdən daxil olaraq çoxsaylı oğurluqlar edən şəxs, həmçinin gözəllik salonları və tibb müəssisələrini qarət edən yetkinlik yaşına çatmayan iki nəfər saxlanılıb.

Binəqədi rayonu S.S.Axundov küçəsində yaşayan Mahir Cəbiyevin evindən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq dolabdan ümumi dəyəri 6000 manat olan qızıl-zinət əşyaları oğurlayıb.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən şəxs mənzilə binanın zirzəmisindən daxil olub. Belə ki, hadisə baş verən mənzil birinci mərtəbə yerləşdiyindən ev sahibi otaqların birinin döşəməsindən zirzəmiyə yol açaraq oradan saxlanc yeri kimi istifadə edib. Oğurluq edən şəxs də evə mənzilin zirzəmiyə açılan taxta qapısını qıraraq daxil olub. Həmçinin polis bölməsində baş verən oğurluq hadisəsi ətrafında araşdırma aparılan zaman paytaxt ərazisində son iki ay ərzində eyni üsulla, yəni zirzəmidən daxil olmaqla birinci mərtəbələrdə yerləşən daha 6 mənzildən oğurluq edildiyi müəyyən olunub.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Dadaşov tutularaq istintaqa təqdim edilib. Saxlanılan şəxs ifadəsində Binəqədi rayonunda 2, Nəsimi rayonunda isə 5 mənzildən pul və qızıl-zinət əşyaları oğurladığını etiraf edib.

Qeyd edək ki, Çingiz Dadaşov saxlanılan zaman onun oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində rayon ərazisində yerləşən gözəllik salonları və tibb müəssisələrindən silsilə oğurluqlar edən daha iki nəfər saxlanılıb. Əməliyyat zamanı paytaxt sakinləri Rəhman Dadaşzadə və Ayxan Həsənov tutularaq Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub. Qeyd edək ki, bu şəxslər yetkinlik yaşına çatmadıqlarından onların üzünü sizə təqdim edə bilmirik.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.