Xəbərlər

Qanunsuz aksiyanın qarşısı alınıb

11.02.2020

Daxili İşlər Nazirliyindən Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxsin icazəsiz aksiya keçirməyə cəhd etməsinə münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə zamanı yalnız bir nəfər saxlanılıb:

“Bu gün axşam saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıblar. Lakin icazəsiz aksiyanın nümayəndələri MSK-nın izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Belə olduğu təqdirdə MSK nümayəndələri ərazi üzrə polis orqanına müraciət ediblər.

Polis əməkdaşları hadisə yerinə gələrək qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq etsələr də həmin şəxslər ictimai asayişin pozulmasına yönələn hərəkətlər etməyə cəhd ediblər.

Nəticədə polis əməkdaşları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polisin qanuni tələblərinə əməl etməyən bir nəfər saxlanılıb. Araşdırmalardan sonra da həmin şəxsin barəsində müvafiq tədbirlər görüləcək”.

E.Zahidov qeyd edib ki, qanunsuz aksiyanın qarşısı alınan zaman heç kəs xəsarət almayıb.