Xəbərlər

Marketlərdən oğurluq edən şəxslər saxlanılıblar

07.03.2020

Bakıda marketlərdən oğurluq edən və azyaşlı uşaqları aldadaraq mobil telefonlarını əllərindən alan şəxslər saxlanılıblar.

DİN Mətbuat Xidmətinin məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq edilib. Naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazada satıcıların başının qarışmasından istifadə edərək piştaxtaların üzərində olan iki ədəd mobil telefonu oğurlayıb. 

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini Xaliq Qəribov tutulub. Qeyd edək ki, onun mağazalardan oğurluq etməsi obyektlərin müşahidə kameraları vasitəsi ilə anbaan lentə alınıb. Xaliq Qəribov ifadəsində törətdiyi hadisələri etiraf edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində paytaxtın müxtəlif yerlərində azyaşlı uşaqları aldadaraq onların mobil telefonlarını əllərindən alan şəxs saxlanılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayan Bakı şəhər sakini Bahadur Məmmədov (ad və soyad şərtidir) tutularaq istintaqa təqdim edilib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.