KRİMİNAL XRONİKA

Əməliyyat-axtarış tədbirləri nəticəsində...

02.06.2017

Ötən gecə saat 2 radələrində Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobil şübhə doğurduğundan ərazidə xidmət aparan Post-patrul Bölyünün əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Vüqar Əliyevin sənədləri yoxlanılaraq zəruri dəqiqləşdirilmə aparılması üçün o, avtomobillə birgə 30-cu Polis Bölməsinə gətirilib. 30-cu Polis Bölməsinin əməkdaşlarının təxirə salınmadan həyata keçirdikləri əməliyyat tədbirləri ilə həmin avtomobilin Bakı şəhərində yaşayan Mirağa Kazımovun ötən il avqustun 12-də qaçırılmış nəqliyyat vasitəsi olması, həmçinin üzərindəki dövlət qeydiyyat nişanlarının isə digər avtomobilə - paytaxt sakini Hacıağa Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobilə məxsus olması aşkar edilib.

Araşdırma zamanı V.Əliyevin həmin avtomobili qaçırdıqdan sonra üzərində olan dövlət qeydiyyat nişanlarını Türkan qəsəbəsi ərazisində izi azdırmaq məqsədilə naməlum istiqamətdə atdığı da müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, V.Əliyev şübhəli şəxs qismində tutulub. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də rayon ərazisindəki evlərdən birindən 3400 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Nağıyev tutulub.

Nizami RPİ 23-cü PB –nin əməkdaşları tərəfindən mayın 2-də Bakı şəhər sakinləri Mirnahid Qurbanovun və Nicat Musazadənin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Təhmin Vəliyev tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Hüseyn Nəcəfovun ətrafında Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 3-də Bakı şəhər sakini Pərviz Rüstəmova məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və ətir də oğurlaması müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Nəsirovun ətrafında Suraxanı RPİ 32-ci və 33-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 4-dən martın 25-dək olan müddətdə Qaraçuxur  və Yeni Günəşli qəsəbələri ərazisindəki ümumilikdə 6 evin girişlərindən liftlərin əyləc dolaqlarını oğurlaması müəyyən edilib.

Nərimanov rayonu ərazisində dilənçiliklə məşğul olduqlarına görə 7 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.