UŞAQLARI - GƏLƏCƏYİ QORUYAQ...

Belə bir məhşur deyim vardır ki, cəmiyyət olan yerdə cinayət də olur. Deməli, cəmiyyətlər həm də cinayətkarlığın səviyyəsinə görə fərqlənirlər - bir toplumda cinayət az, digərində çox ola bilər.
  
Bəzən ekspertlər cinayətkarlığın səviyyəsinin, əsasən sosial-iqtisadi vəziyyətlə bağlı olduğunu qeyd edirlər. Bununla yanaşı, dəhşətli cinayətlərin inkişaf etmiş ölkələrdə də baş verdiyi etiraf edilir. Yəni, bu məsələdə psixoloji amillər də öz sözünü deyir.

Heç kəs cinayətkar
doğulmur

Bu gün dünyada çox mürəkkəb hadisələr cərəyan edir. Bizə o qədər də uzaq olmayan dövlətlərdə hökm sürən xaotik böhranlar, dini zəmində baş verən qarşıdurmalar bir çox xalqlar üçün heç də nikbin gələcək vəd etmir.
Bu hadisələrin bəlkə də yeganə müsbət tərəfi baxıb ibrət götürməkdir. Məsələn, əlinə silah götürüb hansısa terror təşkilatının tərkibində niyə və nəyə görə vuruşduğunu bilməyən ərəb gənclərin ortada uğursuz taleləri var. Onlar mücərrəd ideyalar uğrunda mənasız mübarizə aparır, öldürür və ölürlər.
 
Baş verənlərlə bağlı obyektiv və ya subyektiv səbəblər axtarmaq, dərin tarixi təhlillər də aparmaq olar, amma hər iki halda biz mövzudan uzaq düşmüş olarıq. Sözümüzün canı odur ki, tək bir sadə həqiqət var - heç kəs cinayətkar doğulmur, insanı ətrafı, ailəsi dəyişir, öz cəmiyyəti istiqamətləndirir. Cəmiyyətin özəyi isə ailədir. Bir insan ailədə təcavüzkarlıq xüsusiyyətini mənimsəyib sonrakı həyatını cinayət və cinayətkarlıqla da bağlaya bilər, vicdanlı vətəndaş da ola bilər.
Daha sonra orta təhsil müəssisələri təhsil ilə yanaşı toplum içində birgə yaşayış qaydalarını, həyat tərzinin nəzəri aspektlərini müəyyən edir, aşılayır. Ailə və məktəb tandemi vətəndaş hazırlayır, hazırlamalıdır.

Bu yaxınlarda şəhər məktəblərinin birinin qarşısında bir neçə dəfə şahidi olduğum fakt yenidən diqqətimi çəkdi. İki azyaşlı övladının əlindən tutmuş valideyn piyadalar üçün nəzərdə tutulmuş yerüstü keçiddən 30-40 metr kənardan keçib məktəbə getmək istəyirdi. Avtomobillərin arasında bir neçə dəqiqə var-gəl etdikdən sonra nəhayət yolu keçdilər. O uşaqların məktəbdə aldığı nəzəri biliklə həyatda valideynindən qazandığı təcrübə arasında ziddiyyət yaranmazmı!? Artıq onun düşüncəsinə yol hərəkət qaydası barədə yazılanlar deyil, valideynin davranışı hakimdi. Bir gün uşaq məktəbə tək gedəndə, yolu keçiddən deyil, qadağan olunmuş yerdən keçəcək. Bu yalnız qayda pozuntusu deyil, həm də pis nümunə və uşağın həyatını təhlükəyə atmaq deməkdir.
 
Belə misalları istənilən qədər çəkmək olar. Bəlkə də, bu, çox kiçik hadisə təəssüratı yarada bilər, amm bütün böyük cinayətlər elə kiçik qayda pozuntularından başlayır. Qanunun hüquqi qüvvəsi də bu zaman işə düşür və polis işə qarışmalı olur.

Bir yeniyetmə, bir gənc hansısa cinayətdə ittiham olunub tutulursa, deməli, ailədə nəzarət zəif olub, cəmiyyətdə laqeyidlik var. İctimai qınaq siqaret çəkən, dərsdən yayınan uşağı və onun valideynini “sıxmırsa”, o cəmiyyətdə narkomanlığın gəncləşməsi “təbii prosesə” çevrilir.
 
Yeri gəlmişkən Dövlət statistika komitəsinin 2013-cü il üçün cinayət növlərinə görə məhkum olunmuş 14-18 yaşadək uşaqlarla bağlı təhlili qeyd etmək istərdik. Aparılan araşdırmalardan belə məlum olur ki, həmin il 272 uşaq barəsində məhkəmənin qərarı olub, onların 68-i azadlıqdan məhrum edilib. 134 nəfər oğurluq etdiyinə görə məsuliyyətə cəlb edilib.

Əlbəttə, bu rəqəmlər təşviş üçün ciddi əsas verəcək qədər deyil, əhalinin say nisbətinə və xarici dövlətlərin praktikasına görə ciddi narahatçılıq yaratmır. Lakin bu yeniyetmələri bir dəfə itirib yenidən qazanmaq əziyyətinə qatlaşmaqdansa, heç itirməmək daha yaxşı olardı.

Polis həm də
uşaq hüquqlarının
təminatçısıdır

Yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi üçün daxili işlər orqanlarının da üzərinə müəyyən vəzifələr düşür. Polis uşaq hüquqlarının qorunmasının əsas təminatçılarından biridir. Bu məsələ Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir, yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsi və onlar tərəfindən törədilən hüquqpozmaların qarşısının alınması ilə bağlı məsələlər Kollegiya iclaslarında, əməliyyat müşavirələrində daim müzakirə edilir. Xatırlatmaq istərdik ki, 30 sentyabr 2014-cü il tarixində DİN-də keçirilmiş Kollegiya iclası “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında” idi.

Məlum olduğu kimi, Bakı polisinin yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasının təşkili üzrə ixtisaslaşdırılmış xüsusi xidməti  mövcuddur. Mütəmadi olaraq paytaxt məktəblərində tədbirlər keçirilir, istər narkotik bəlasına qarşı, istərsə də yol hərəkət qaydaları ilə bağlı maarifləndirici iş aparılır. Bütün bu tədbirlər yuxarda qeyd etdiyimiz hər hansı bir cinayətin psixoloji əsasını yox etmək, ağ vərəqə bənzədilən uşaq beynini ləkələnməkdən, cinayətə sürüklənməkdən qorumaq üçündür.