İtmiş əşya ilə bağlı arayışın verilməsi

Tapıntılar bürosu Azərbaycan Respublikası DİN-in 02.02.2006-cı il tarixli, 52 nömrəli əmri ilə Baş Polis İdarəsinə biləvasitə tabe olan struktur hissə kimi yaradılmış, fəaliyyətini Azərbaycan Respublikasının  qanunvericiliyi ilə, DİN-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir.

Büronun ştatı 2 polis nəfərindən ibarət olmaqla iş günləri saat 10:00-dan 19:00-dək, şənbə günləri isə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir və bu barədə büronun girişində xüsusi lövhə asılır.

Büronun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olmuş tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir və qeyd olunan xidmətə görə dövlət rüsumu nəzərdə tutulmamışdır.


Ərzaq və digər tez xarab olan məhsulların qəbulu və saxlanılmasına yol verilmir. 

Əşyanın və sənədin itməsi barədə müraciət edən vətəndaş şəxsiyyətini təsdiq edən sənədi, başqa şəxsə məxsus əşya və ya sənədin itməsi barədə müraciət etdikdə isə onun adından verilmiş və notariat qaydada təsdiq olunmuş etibarnamə təqdim etməlidir. 


Silah, sursat, partlayıcı, radioaktiv, zəhərləyici, narkotik və psixotrop maddələr təhvil verildikdə dərhal Bakı şəhər BPİ növbətçi hissəsinə  məlumat verilməklə qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi təmin olunur.


Büro xidməti arayışlar üçün möhürə malikdir.

Büroda xidməti sənədlərin mühafizə edilməsi və məxfiçilik rejimi qaydalarına riayət olunması təmin edilir.

Büronun əməkdaşları tapılmış əşya və sənədlərin saxlanılmasına  cavabdehlik  daşıyırlar.


Tapıntılar bürosunun iş prinsipləri:

-Fiziki və hüquqi şəxslər tərəfindən tapılaraq  təqdim edilmiş əşya və sənədlər bir qayda olaraq əlamətləri göstərilməklə, hansı şəraitdə tapılması barədə rəsmi müraciət əsasında qəbul olunur və müvafiq qaydada qeydiyyata götürülür. 

- Qəbul edilmiş əşya və sənədlərə onları təqdim edən şəxsin iştirakı ilə baxış keçirilir və bu haqda müvafiq akt tərtib edilir. 

- İtirilmiş əşya və sənədin sahibi kimi müraciət edən şəxs həmin əşya və  sənədin ona məxsus olmasını sübuta yetirdikdə, yəni onun əlamətlərini dəqiqliklə bildirdikdə və ya həmin əşya və sənədə sahibliyini təsdiq edən müvafiq sənədi təqdim etdikdə həmin əşyalar iddiaçının rəsmi müraciəti əsasında aktla ona qaytarılaraq bu haqda təhvilvermə kitabında qeydiyyat aparılır.

-Fiziki və hüquqi şəxs tapılmış (təhvil verilmiş) əşya və sənədlərə  sahib olmasını sübut edə bilmədiyi  halda  bu haqda  məhkəmə orqanına  müraciət edə bilər.

- İtirilmiş sənəd və ya əşyalar barədə daxil olmuş müraciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır və bu haqda onlara büro əməkdaşları tərəfindən  imzalanmış və möhürlə təsdiq edilmiş arayış verilir.  

-Tapılmış əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə (xeyriyyə məqsədi və sair) verilməsi üçün Bakı şəhər BPİ rəhbərliyi tərəfindən təsdiq edilmiş Maliyyə-plan və Təchizat şöbələrinin birgə çıxardığı rəy əsasında 5 gün müddətində qərar qəbul olunur. 

-Şəxsi sənədlər (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və sair) 1 ay müddətində saxlanılır və bu müddətdə sahibi müraciət etmədikdə aşağıdakı tədbirlər görülür:
a) ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarının  müvafiq struktur xidmətinə göndərilir;

b) hərbi biletlər sahibinə qaytarılması üçün ərazi aidiyyəti üzrə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət idarələrinə göndərilir;

c) tələbə biletləri, qiymət kitabçaları, təhsil diplomları və digər sənədlərin (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və sair) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə yaxud sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də  aiddiyyəti təşkilatlara göndərilir;

-Büronun fəaliyyəti haqqında BPİ-nin internet saytında, «Polis» qəzetində və digər kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir.