DİO-da xidmətə qəbul qaydaları

Daxili işlər orqanlarında xidmətə qəbul

1. Daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər.

Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.

Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər.
2. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:
1) şəxsi ərizə;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) hərbi bilet;
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.
3. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqə test imtahanlarından və söhbətdən ibarətdir).
4. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə  orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.
5. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarının kiçik rəis heyəti vəzifələrinə xidmətə ali təhsilli şəxslərin qəbulu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
6. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi, orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər


DİO-ya xidmətə qəbulla əlaqədar minimal fiziki normativlər

DAXİLİ İŞLƏR ORQANLARININ SIRAVİ, KİÇİK VƏORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNDƏ XİDMƏTƏ QƏBUL ÜÇÜN MİNİMAL FİZİKİ HAZIRLIQ NORMATİVLƏRİ

Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq, daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi daxili işlər orqanlarının 30 yaşına qədər olan əməkdaşları üçün müəyyən edilmiş tapşırıqlar və normativlər əsasında yoxlanılır. Bu tapşırıqlar və onların yerinə yetirilməsi üzrə minimal normativlər:

Kişilər üçün
Qaçış: 100 (yüz) metrə - 15 saniyə, 1000 (min) metrə - 4 dəqiqə;
Turnikdə dartınma - 6  dəfə;
Qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 18 dəfə;
Arxası üstə uzanmış vəziyyətdə gövdənin döşəmədən qaldırılıb-endirilməsi-18 dəfə.

Qadınlar üçün
Qaçış: 100 (yüz) metrə - 19 saniyə, 1000 (min) metrə - 5 dəqiqə 30 saniyə;
Arxası üstə uzanmış halda əllərin boyun ardında darağlanmış şəkildə döşəmədən bədənin qalxıb-endirilməsi - 18 dəfə.

                              DİO-ya xidmətə qəbulla əlaqədar test imtahanlarının proqramı

DAXİLİ İŞLƏR ORQANLARININ ORTA RƏIS HEYƏTİ VƏZİFƏLƏRINDƏ XİDMƏTƏ QƏBUL ÜZRƏ MÜSABİQƏNİN TEST İMTAHANLARININ PROQRAMI (hüquqşünaslar  üçün)

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

1) Qanunvericilik aktları:
• Azərbaycan Respublikasının Konstitusiyası.
• Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.
• Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.
• Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.
• Azərbaycan Respublikasının Seçki Məcəlləsi.
• BMT-nin "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməsi.
• "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.
• Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu.
• "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Qanunu.
2) Nəzəri bilik sahələri:
• Dövlət və hüquq nəzəriyyəsi.
• Kriminalistikanın əsasları.
• Kriminalogiyanın əsasları.
 
YETKINLİK YAŞINA ÇATMAYANLARLA PROFILAKTİKİ  İŞIN TƏŞKİLİ XİDMƏTİNƏ QƏBUL ÜZRƏ MÜSABIQƏNİN TEST İMTAHANLARININ PROQRAMI
(pedaqoji təhsilli mütəxəssislər üçün)

Daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili xidmətinə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

1)Qanunvericilik aktları:

• Azərbaycan Respublikasının Konstitusiyası.
• Azərbaycan Respublikasının Seçki Məcəlləsi.
• Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
• BMT-nin "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməsi.
• "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə (AR 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir).
• "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.
• "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunu.
• "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Qanunu.

2) Nəzəri bilik sahələri :

• Pedaqoqikanın nəzəriyyəsi.
• Yaş psixologiyası.
• Sosial psixologiya.


DİO-ya xidmətə qəbul olunmaq istəyən vətəndaşların nəzərinə

Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul müsabiqə əsasında (test imtahanı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən) həyata keçirilir.
Müsabiqənin başlanılması barədə elan kütləvi informasiya vasitələrində o cümlədən rəsmi dövlət qəzetlərində  dərc edilir, habelə DİN-in internet saytında yerləşdirilir. Elanın mətnində xidmətə qəbulun şərtləri də öz əksini tapır.
Müsabiqənin başlanılması cari ilin noyabr ayının əvvələrinə nəzərdə  tutulmuşdur.

Daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul da müsabiqə əsasında yerli polis orqanları tərəfindən həyata keçirilir. Bu vəzifələrdə xidmətə qəbul olunmaq arzusunda olan namizədlər şəhər, rayon polis idarə və şöbələrinə müraciət edə bilərlər. Vakant vəzifələrə müsabiqələrin başlanılması barədə elanlar kütləvi informasiya vasitələrində verilir.

-  Xidmətə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, daxili işlər orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
- Müsabiqəyə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğun gələn Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
- Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müsabiqənin elan olunduğu orqana təqdim edirlər.
- Təqdim olunmuş sənədlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda qəbul edilmir. Sənədlərdə yanlış məlumatlar aşkar edildikdə həmin namizəd müsabiqəyə buraxılmır və bu barədə ona yazılı məlumat verilir.
-  Orta  və böyük rəis heyəti vəzifələrinə namizədlər üçün test imtahanı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK),  sıravi və kiçik rəis heyəti vəzifələrinə namizədlər üçün müsabiqə isə müsabiqə elan olunmuş orqanın "Xidmətə qəbul üzrə test komissiyası" tərəfindən keçirilir.
- Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üçün test nümunələri Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumları və TQDK tərəfindən hazırlanır. Test imtahanının keçirilməsi qaydaları, istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi, cavab kartlarının oxunması və qiymətləndirilmənin aparılması TQDK tərəfindən müəyyən edilmiş qaydada tənzimlənir. Test imtahanları 100 sualdan ibarət olmaqla fasilə verilmədən 3 saat ərzində keçirilir. Test imtahanını müvəffəqiyyətlə verən namizəd müsahibəyə buraxılır.
- Test imtahanının nəticələri TQDK tərəfindən DİN-ə təqdim edildikdən sonra Komissiya tərəfindən namizədlərlə müsahibənin keçiriləcəyi yer və vaxt müəyyən edilir və bu barədə onlara əvvəlcədən məlumat verilir. Müsahibənin keçirilməsinə DİN-in xidmət rəisləri və mütəxəssislər cəlb edilə bilərlər. Müsahibə zamanı namizədin verdiyi cavablar Komissiyanın hər bir üzvü tərəfindən qiymətləndirilir və sonra orta bal müəyyən edilir. 
- Müsabiqənin yekun nəticələri namizədin test imtahanında və müsahibədə topladığı balların cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqədə eyni miqdarda bal toplamış şəxslərdən - daxili işlər orqanları əməkdaşlarına, təhsil üzrə magistr ali elmi ixtisas dərəcəsinə malik olanlara, dövlət mükafatları ilə təltif edilənlərə, xarici dilləri mükəmməl bilənlərə, kompüterdə işləməyi bacaranlara, idmançılara, eləcə də digər sahələr üzrə xüsusi hazırlığa, biliklərə və vərdişlərə malik olanlara üstünlük verilir və bu xüsusat tərtib olunmuş siyahıda qeyd olunur.
 - Müsabiqənin yekununa görə orta və böyük rəis heyəti vəzifəsinə namizəd müsabiqəyə elan olunmuş vəzifədə xidmətə qəbul edilərək ona xüsusi rütbə verilir və o ilkin hazırlıq kursuna göndərilir.
- Sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbula namizədlərlə test imtahanlarının keçirilməsi üçün Komissiya tərəfindən zəruri hallarda mütəxəssislər də cəlb edilməklə, müxtəlif mövzuları, o cümlədən hüquq, dövlət quruculuğu, dil, ədəbiyyat, tarix, siyasət, iqtisadiyyat və digər sahələri, yerli əhəmiyyətli problemləri əhatə edən 60 sualdan ibarət "test imtahan vərəqəsi" (bundan sonra – test) hazırlanır.
- Hər bir test sualında yalnız biri düzgün olan dörd cavab variantı təklif olunur. Test imtahanı verən namizəd sualların cavablandırılması üçün düzgün hesab etdiyi cavabın nömrəsini çevrəyə almaqla, üstündən çarpazlaşan xəttlər çəkməklə, yaxud digər formada nişanlayır. Testlərin hər bir sualının düzgün cavabı 1 balla qiymətləndirilir. Test imtahanlarının məqbul qiymətləndirilməsi üçün namizəd tərəfindən azı 31 bal toplanmalıdır.
- Test imtahanlarının keçirilməsi üçün 90 dəqiqə vaxt ayrılır. Test imtahanlarının keçirilməsi qaydalarının  izahına, testlərin paylanılmasına və s. texniki məsələlərə sərf edilən vaxt  imtahanın keçirilməsi üçün müəyyən olunmuş müddətə aid edilmir.
- Test imtahanlarında məqbul qiymət almış namizədlərlə Komissiya tərəfindən ümumi mövzular ətrafında  müsahibə aparılır.  Müsahibə zamanı namizədin zahiri görünüşünə, səliqəliliyinə, danışığına, fikirlərini ifadə etmək qabiliyyətinə, etik normalara riayət etməsinə, ünsiyyət yaratmaq bacarığına, düşüncə tərzinə və s. xüsusiyyətlərinə diqqət yetirilir. Müsahibədə  namizədin yaxınları və digər şəxslər  müşahidəçi  kimi  iştirak edə bilər. 
- Müsahibə başa çatdıqdan sonra Komissiya tərəfindən namizədlərin öyrənilməsi və yoxlanılmasına dair materiallar, onların  test imtahanlarında topladıqları ballar, eləcə də yekun müsahibənin nəticələri müzakirə edilərək qiymətləndirilir və səs çoxluğu ilə müsabiqənin qalibi (qalibləri) elan edilir. Səs bərabərliyi olduqda son qərarı Komissiyanın sədri qəbul edir və bu qərar protokollaşdırılır. Xidmətə qəbulla bağlı, o cümlədən müsabiqənin keçirilməsi prosesində toplanmış sənədlər şəxsi iş şəklində formalaşdırılır (tikilir).
- Sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə qəbula namizəd və onun şəxsi işi DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin Əsasnaməsində müəyyən olunmuş qaydada DİN-in Seçim Komissiyasına çıxarılması üçün həmin Məktəbə göndərilir.
- Seçim Komissiyasının müsbət rəyi əsasında, nomenklatura üzrə müvafiq səlahiyyətlər verilmiş vəzifəli şəxs tərəfindən, namizəd, müsabiqəyə elan olunmuş vəzifədə xidmətə qəbul edilərək ona xüsusi rütbə verilir, bu barədə  şəxsi işində qeydiyyat aparılır və xidmətə qəbul əmrindən çıxarışla birlikdə ilkin hazırlıq kursuna göndərilir.
- Seçim Komissiyası tərəfindən barəsində mənfi rəy verilmiş namizəd xidmətə qəbul edilmir. 
- Test imtahanlarının keçirilməsinə mane olan, yaxud ümumi imtahan qaydalarını pozan şəxslər imtahanın gedişatından kənarlaşdırılır.
- Üzürsüz səbəbdən test imtahanlarında iştirak etməmiş namizədlər müsabiqəyə buraxılmır və onların daxili işlər orqanlarında xidmətə qəbulu rədd edilir. Sonrakı müsabiqələrdə onlar ümumi qaydada iştirak edə bilərlər.
- Səbəbindən asılı olmayaraq müsabiqənin hər hansı mərhələsində iştirak etməyən namizədin müsabiqədə sonrakı iştirakı dayandırılır və bu barədə o yazılı məlumatlandırılır.Müsabiqəyə elan olunmuş vəzifələrdən birini tutmaqdan imtina edən namizədin xidmətə qəbulu rədd edilir. Müsabiqənin nəticələri üzrə xidmətə qəbulu rədd edilmiş namizədlərə bu barədə məlumat verilir. Həmin namizədlər DİN tərəfindən elan olunan sonrakı müsabiqələrdə ümumi əsaslarla iştirak edə bilərlər.
- Komissiyanın qərarlarından razı olmayan namizədlər daxili işlər nazirinə şikayət edə bilərlər. Şikayətə baxılmanın nəticəsi barədə namizədə yazılı cavab verilir. Çıxarılan qərardan razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.