Mülki silahın əldə olunması

AR-nın 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək huququ vardır.

Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya BİTİ-yə müraciət edir.
Xüsusi icazənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
1.  Ərizə;
2. AR-nın vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
3. Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;
4. 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması DİN-in Baş    Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılır.
AR-nın Müdafiə, Milli Təhlükəsizlik, DİN, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, prokurorluq, habelə dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər operativ uçotlar üzrə yoxlanılmır.

Mülki silahın əldə edilməsinə xüsusi icazə və şəhadətnamənin verilməsi üçün vətəndaşlardan ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər. Bu halda tibbi arayış tələb edilmir və məhkumluq yoxlanılmır.

Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq AR-dan aparmalıdırlar. Nəzərdə tutulmuş müddət pozularsa, həmin silah müsadirə olunur.