KRİMİNAL XRONİKA

Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olduqlarına görə...

28.10.2017

Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olduqlarına görə 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

Oktyabrın 27-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Balaəli Rzaxanovu aldadaraq 150 manat pulunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Anar İsmayılov Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Oktyabrın 28-də saat 17 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Hidayət Kərimovun idarə etdiyi “Opel” və Valeh Əsgərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşduqdan sonra aşıb. Nəticədə V.Əsgərovun sərnişinləri - paytaxt sakinləri Tahirə Zöhrabova hadisə yerində ölüb, 5 sərnişini, habelə H.Kərimov xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyəti qənaətbəxşdir. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Oktyabrın 27-də saat 17 radələrində Gəncə şəhəri ərazisində şəhər sakinləri Emil Hüseynovun, Rəşad Allahverdiyevin idarə etdikləri 2 “Mercedes” və Vidadi Hümbətovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə V.Hümbətov və sərnişini, oğlu Ümid xəstəxanaya yerləşdiriliblər. Ümid oktyabrın 28-də orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.