KRİMİNAL XRONİKA

Qaradağ RPİ 10-cu PB və Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

16.03.2018

Qaradağ RPİ 10-cu PB və Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki mağazaların birindən televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məlikəhməd Əhmədov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun həmin gün daha 3 mağazadan məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. 

Martın 15-də saat 21 radələrində Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Heydər Cəfərxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd Nəsirovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş M.Nəsirov martın 16-da orada ölmüşdür. 
Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Martın 15-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pulqabısının oğurlandığı məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilib və onlar “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri Elvin Səmədov və bacısı Gülər olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Martın 16-da Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.  
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobil Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.