KRİMİNAL XRONİKA

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini

06.06.2019

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini K.Heydərov iyunun 6-da saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verdiyini, bu zaman həmin şəxsin onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mayın 9-da rayon ərazisində “Toyota” markalı avtomobildən pul oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-na keçən gecə Bakıxanov qəsəbəsindəki mağazaların birindən 1200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Yolçiyev saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon ərazisində “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini L.Dadaşzadə saxlanılmışdır.

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur. Dərhal Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilmişdir. C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilmişdir.  Faktla bağlı cinayət işi başlanmışdır.