KRİMİNAL XRONİKA

Nəsimi RPİ-nin 21-ci Polis Bolməsinə müraciət edən ...

18.11.2019

Nəsimi RPİ-nin 21-ci Polis Bolməsinə müraciət edən paytaxt sakini Z.Qurbanov noyabrın 13-də rayon ərazisində 1 nəfərin ona  məxsus, içərisində 3200 manat və mobil telefon olan çantasını açıq talama yolu ilə aldığını bildirmişdir. Bakı ŞBPİ və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və quldurluğa görə məhkum olunmuş M.Əliyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun cari il sentyabrın 13-də Z.Qurbanovanın mənzilindən içərisində 1800 manat olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.
 
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən “QAZ-31029” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirmişdir. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ DYPİ və 12-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən dövlət qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində “VAZ-2106” markalı avtomobilin üzərində olması müəyyən edilmiş və görülmüş tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisindəki evlərin birindən 5350 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət və geyim əşyası oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini G.Abdullayeva saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayevin cibindən 310 manat və K.Hüseynovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Bünyadov saxlanılmışdır.