KRİMİNAL XRONİKA

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini...

20.11.2019

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən “QAZ-31029” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirmişdir.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ DYPİ və 12-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən dövlət qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində “VAZ-2106” markalı avtomobilin üzərində olması müəyyən edilmiş və görülmüş tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılmışdır.
M.Musayevin ətrafında aparılmış tədbirlərlə onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin Bakı şəhər sakini F.Ağametova məxsus olması və noyabrın 7-nə keçən gecə Xətai rayonu ərazisindən qaçırılması da müəyyən edilmişdir. 

Yasamal RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini F.Əliyevdən lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən noyabrın 19-da rayon ərazisindəki evlərin birindən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 23-də rayon ərazisindəki mağazaların birindən 400 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Mərdəkan qəsəbə sakini G.Zamanzadə saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar A.Əlibəyovdan 470 qram, V.Atakişiyevdən isə 485 qram marixuana aşkar edilərək götürülmüşdür.