Xəbərlər
Yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb
04.04.2019
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olmuşdur.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilmişdir.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ DYPİ, Binəqədi RPİ 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılmışdır.
Araşdırma aparılır.