Xəbərlər

Nəsimi rayonunda marketdən oğurluq etmiş Sabirabad rayon sakini saxlanılıb

19.12.2019

Paytaxtın Nəsimi rayonunun Asif Məhərrəmov küçəsindəki marketlərin birindən oğurluq edilmişdir. Naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşmışdır. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqətini cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilmiş və həmin şəxsin Sabirabad rayon sakini B.İsmayılov olduğu müəyyən edilmişdir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə o, əlindəki siqaret qutularını Nəsimi rayonundakı həmin mağazadan oğurladığını etiraf etmişdir. B.İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülmüşdür.

Araşdırma zamanı B.İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olmuşdur. Saxlanılan şəxs barəsində 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.